Gənclər arasında erkən nikahın fəsadları müzakirə olunub

Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbdə yeniyetmələrin və onların valideynlərinin iştirakı ilə “Sağlam ailə, sağlam gələcək” adlı seminar keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə ailə dəyərləri, erkən nikahın fəsadları, evlilik öncəsi zəruri tibbi prosedurlar və sağlamlıq məsələləri müzakirə olunub.

Nazirliyin əməkdaşı Azadə Əliyeva və məktəbin direktoru Natella Rzayeva çıxış edərək Azərbaycanda formalaşan ailə institutu barədə danışıb, bu sahədəki zəngin ənənələrin, dəyərlərin yaşadılması və gənc nəsil arasında təbliği, erkən nikahlar, onların törətdiyi sosial və psixoloji fəsadlar barədə fikirlər səsləndiriblər. Psixoloq Ayxan Hüseynli, terapevt həkimi Nigar Səfərova öz sahələrinə uyğun olaraq ailə qurmaq ərəfəsində olan gənclərin diqqət edəcəyi məsələlər barədə danışıblar.

Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib. Diskussiya formatında davam edən tədbirdə gəncləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.